İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib
2024,
İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib
https://x.com/YAP_1992/status/1837063685547696257
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına ali təhsil ocağında yaradılan şəraitlə bağlı məlumat verildi.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Prezident İlham Əliyev Qarabağ Universitetində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Qeyd edildi ki, bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Müvafiq vəzifələrin tutulması üzrə vakansiya elanları Elm və Təhsil Nazirliyinin rəsmi saytında və universitetin sosial şəbəkə hesablarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.
Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.
Bildirildi ki, 2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil alacaq.
Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Sabahınız xeyir olsun. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək.
Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat – bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bildiyiniz kimi, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir.
Təbii ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.
O ki qaldı, antiterror əməliyyatının keçirilməsinə, burada da cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.
İşğal dövründə keçmiş köçkünlərlə mənim çoxsaylı görüşlərim olmuşdur. Bildiyiniz kimi, onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlət bir çox önəmli layihələr icra etmişdir. Biz demək olar ki, hər il 15-20 min keçmiş köçkünü yeni qəsəbələrə, evlərə, mənzillərə köçürürdük və beləliklə, onların yaşayış səviyyəsi yaxşılaşırdı. Təqribən 300 mindən çox keçmiş köçkün artıq o yataqxanalardan, o yararsız yerlərdən, uşaq bağçalarından köçürülmüşdü. Ancaq, eyni zamanda, onlarla hər dəfə görüşəndə deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, gün gələcək və azad edilmiş torpaqlarda sizin üçün daha gözəl şərait yaradılacaq. Mən buna inanırdım, onlar da inanırdılar, bütün xalqımız buna inanırdı, bu fikirlə yaşayırdı. Amma, eyni zamanda, illər keçdikcə mən görürdüm ki, onların ümidləri yavaş-yavaş azalır. Bu da təbiidir, çünki işğal təxminən 30 il davam etdi.
https://x.com/YAP_1992/status/1837063685547696257
Minlərlə, on minlərlə keçmiş köçkün bu Qələbə gününü görə bilmədi, həyatdan getdi. Təbii olaraq dünyada gedən prosesləri təhlil edərək mövcud ədalətsizliyi, beynəlxalq hüququn işləməməsini, böyük dövlətlərin Ermənistanın arxasında dayanmasını, bütün bunları – geosiyasi vəziyyəti təhlil edərək ola bilər kimsə belə fikrə gələ bilərdi ki, bu işğalla biz əbədi yaşamalıyıq. Biz bütün bu tezisləri, bütün bu paradiqmaları darmadağın etdik. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz – nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, – çünki bütün təpələrdə onlar yerləşmişdi, – nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var. Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi. Demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi. Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi – bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın.
Digər tezis ondan ibarət idi ki, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik – biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir. Çünki təbii olaraq siz o illəri yaşamamısınız və tarixi kitablardan oxuyursunuz. Ona görə həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var – ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Yenə də deyirəm, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, ayağa qaldırın, yenə də gedim döyüşüm, belələrinin sayı çox idi. Yüngül yaralanmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq döyüş bölgələrinə gedirdilər.
https://x.com/YAP_1992/status/1837063685547696257
Bu gün, eyni zamanda, Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı, bu gün tanış olmuşam. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.
Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir – Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə – “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermənilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Cəmi iki həftədən sonra, – artıq Heydər Əliyev iqtidarda yox idi, – dərhal burada – Xankəndidə və Ermənistanda hərəkət başlamışdı, müxtəlif təşkilatlar yaradılmışdı. Mərkəzi hökumət, yəni Sovet İttifaqı rəhbərliyi buna laqeyd yanaşırdı. Hətta o, separatçıları, erməni millətçilərini, necə deyərlər, stimullaşdırırdı, onları daha da fəal olmağa təhrik edirdi. Qarşıya vəzifə qoyuldu ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik.
https://x.com/YAP_1992/status/1837063685547696257
Xankəndidən azərbaycanlılar qovuldu, ondan sonra – müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər. Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax, bu idi bizim tariximiz.
Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi.
Mən bir daha sizi ürəkdən salamlayıram. Mən Azərbaycan tarixi haqqında çox danışa bilərəm. Çünki mən bu tarixi yaşamışam, son 30 ilin tarixini və bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun! Sizi təbrik edirəm.
x x x
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, Sizi Qarabağ Universiteti ailəsi adından böyük şərəflə və sonsuz qürur hissləri ilə salamlayırıq. Biz də fürsətdən istifadə edərək, ilk növbədə, Sizi 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə bütün kollektivimiz adından təbrik edirik.
Təbii ki, bu gün Qarabağ Universitetinin açılışını Sizin iştirakınızla etməyimiz Ali Baş Komandanlığınızla qazanılmış tarixi Zəfərin növbəti təntənəsidir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. İlk növbədə, xüsusi vurğulamaq istəyirəm ki, Qarabağ Universitetini yaratdığınıza və onun qısa bir zamanda fəaliyyətə başlamasına çox böyük dəstək göstərdiyinizə, davamlı qayğınıza görə bütün heyətimiz adından Sizə təşəkkür edirik.
Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında Qarabağ Universitetinin qurulması yolunda işlərimiz sürətlə davam edir. Çox qısa olaraq məlumat vermək istəyirəm ki, bütün heyətimiz çox peşəkar insanlardan formalaşdırılıb. Bizi çox sevindirir və qürurlandırır ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan etdiyimiz qəbul planı tam dolub və xüsusi vurğulayaq ki, tələbə qəbulu çox keyfiyyətli olub. Universitetimizə qəbul olan tələbələr arasında imtahanlarda yüksək bal toplayan gənclərimizin sayı çoxdur. Bu, bizi qürurlandırır və keyfiyyətli universitet quruculuğu yolunda daha da ruhlandırır.
Təbii ki, tələbələrimizin Azərbaycanımıza layiqli vətəndaş, yüksəkixtisaslı mütəxəssis olmaları ilə bağlı vacib tapşırığınız var. Buna görə də universitetimizi yeni dövrün çağırışlarına uyğun, məhz müasir Azərbaycan gəncinin arzu və istəklərinə uyğun formalaşdırmağa çalışırıq. Universitetimizdə məhz buna uyğun akademik məzmun yaradılıb və yeni dövrə uyğun universitet idarəetmə modeli formalaşdırırıq. Əmin edirik ki, Qarabağ Universiteti Sizin böyük dəstəyinizlə çox qısa bir zamanda Azərbaycanımızın əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevrilə biləcək. İstəyimiz ondan ibarətdir ki, tələbələrimizi Ulu Öndərimizin ideyalarına sadiq, vətənpərvər ruhlu, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərimizə sadiq gənclər olaraq yetişdirə bilək ki, bütün gənclərimiz qarşıdakı dövrdə Azərbaycanımızın inkişafına öz layiqli töhfələrini verə bilsinlər.
Sizin tapşırığınızla Qarabağ Universitetinin qarşısına qoyulan əsas hədəf keyfiyyətli ali təhsil xidmətləri göstərmək, nəticəyönümlü tədqiqatlar həyata keçirmək və cəmiyyətimizə faydalı ola biləcək innovativ həllər tətbiq etməkdir. Təbii ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan ilk universitetin və ya adı Qarabağla bağlı olan bir universitetin heyətində təmsil olunmaq hər birimiz üçün sonsuz şərəfdir və həm də çox böyük məsuliyyətdir. Bu məsuliyyəti aydınlığı ilə dərk edirik. Siz çox doğru vurğuladınız ki, bu universiteti tarixi Zəfəri yaşamış gənclər üçün yaratmısınız və məhz tarixi Zəfərin qazanıldığı torpaqda yaratmısınız. Bu, bizim məsuliyyətimizi daha da artırır.
Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz bütün tapşırıqları yerinə yetirmək üçün bütün heyətimiz formalaşıb. 1200 tələbəmizin gəlişi ilə gücümüz əhəmiyyətli şəkildə artıb, müasir gəclərimiz komandamızda formalaşıb. Əmin ola bilərsiniz ki, qarşımıza qoyulan bütün tapşırıqları yerinə yetirmək üçün var qüvvəmizlə çalışacağıq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ ol. Təşəkkür edirəm.
https://x.com/YAP_1992/status/1837063685547696257
x x x
Sonra çıxış edən tələbə Fənarə Məmmədzadə dedi:
-Hörmətli cənab Prezident, mən Bərdə şəhərində fəaliyyət göstərən Ağdam rayon 9 nömrəli tam orta məktəbin məzunuyam. Laçın rayonundan keçmiş məcburi köçkünəm. Doğma torpaqlarımızı heç vaxt görməsəm də, bu sevgimi qəlbimdə daşımışam. Bu gün çox xoşbəxtəm. Qəbul imtahanında 642 bal toplayaraq Qarabağ Universitetinin maliyyə ixtisasını seçmişəm və doğma yurduma tələbə statusunda qayıtmışam. İnanıram ki, tələbələrimiz Qarabağ Universitetinin bizə verdiyi imkanlardan ən doğru şəkildə istifadə edərək gələcəyin parlaq mütəxəssisləri olacaqlar və Qarabağımızın dirçəlməsində birlikdə iştirak edəcəklər.
Son olaraq doğma torpaqlarımızı işğaldan azad etdiyiniz və biz gənclərə burada təhsil almaq şansı yaratdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm.
x x x
Tələbə Rauf Penceyev dedi:
-Möhtərəm Prezident, mən Bakı şəhəri 85 nömrəli tam orta məktəbin məzunuyam. Ötən ilin qəbul imtahanlarında 600 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Birinci kursda oxuduğum zaman Sizin Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladığınız barədə xəbəri eşitdim. Bu xəbəri eşitdikdən sonra Qarabağ Universitetinin ilk tələbələrindən olmaq sevincini yaşamaq üçün əlimdən gələni etmək istədim və bunun üçün respublikamızda keçirilən “SABAH” qrupu imtahanlarında yüksək nəticə toplayaraq təhsilimi Qarabağ Universitetində davam etdirmək hüququ qazandım. Həm Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq və həm də ilk məzunlarından biri olacağım üçün çox xoşbəxtəm və qürurluyam. Bu gün bu möhtəşəm tədbirdə – Qarabağ Universitetinin açılışında Sizin qarşınızda “SABAH” qrupunun tələbələrindən biri olaraq çıxış etməkdən fərəh hissi duyuram. Qarabağa ilk gəlişim Xankəndi şəhərinə təsadüf etdi və buraya tələbə statusunda gəlmək daha böyük qürurverici hissdir. Xankəndi şəhərində yaradılan şərait və infrastrukturla tanış olmuşam. Burada yaradılan şəraitə, ən əsası isə biz tələbələr üçün müasir tipli yataqxananı və qısa müddətdə Qarabağ Universitetini hazır vəziyyətə gətirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
Prezident İlham Əliyev: Sağ ol.
x x x
Tələbə Zenfira Nəsirova dedi:
-Möhtərəm cənab Prezident, mən Salyan şəhər, Aşıq Pənah adına 1 saylı məktəbin məzunuyam. Builki qəbul imtahanında 684 bal toplayaraq Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Doğrusu, topladığım bal mənə respublikamızın digər ali məktəblərini seçmək imkanını yaradırdı. Lakin məhz seçimim Qarabağ Universiteti oldu və sevinirəm ki, ailəm də bu seçimimi dəstəklədi. Çünki burada təhsil almaq hər bir azərbaycanlı gənc üçün böyük fəxarətdir. Bu gün bu tədbirdə iştirak edirəm və çox xoşbəxtəm ki, həm Qarabağ Universitetinin ilk tələbələrindənəm, həm də tələbələr arasında ən yüksək nəticəni mən göstərmişəm və Sizin qarşınızda çıxış etmək imkanı qazanmışam.
Biz tələbələr olaraq Sizi tam əmin edə bilərik ki, yüksək təhsil alıb peşəkar mütəxəssis kimi yetişərək ölkəmizə, Vətənimizə daim fayda verəcəyik. Yaradılan bütün şəraitə və ümumi olaraq Azərbaycan gəncinə göstərdiyiniz dəstəyə görə Sizə və Mehriban xanıma xüsusi təşəkkürümüzü bildiririk.
x x x
Prezident İlham Əliyev: Sağ ol. Təşəkkür edirəm.
Sağ olun, əziz dostlar, uşaqlar. Bir daha sizi həm Dövlət Suverenliyi Günü münasibətilə, həm də Qarabağ Universitetinin fəaliyyətə başlaması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uğurlar, yeni zəfərlər arzulayıram. Qarabağ Azərbaycandır!
x x x
Sonra Prezident İlham Əliyev universitetin həyətindəki parkda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 1,1 hektar sahədə yaşıllaşdırma işləri həyata keçirilib, müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradılıb.
Sonda Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə xatirə şəkli çəkdirildi.
Böyük ölçüdə video
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/66881
https://x.com/YAP_1992/status/1837063685547696257
Bakan Birinci Yardımcısının AGİT PA Delegasyonu Başkanı ile Toplantısı
İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Şanxayda keçirilən tədbirdə “Sarı Gəlin” ifa olunub
Devlet başkanı G42 Yönetim Kurulu Başkanı Peng Xiao’yu kabul etti
Meeting with Representative of the United Nations Office of Counter-Terrorism
AGİT Genel Sekreter Vekili ile Toplantı