Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “
Tərəfdaşlığın inkişafı vacibdir..”, ÖZEL
Millət vəkili Məşhur Məmmədov,
Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.
Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, ilin ilk altı ayı səmərəli keçib.
Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Maliyyə vəziyyətimiz yüksək dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq.
Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox məbləğə qalxıb. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək.
Qloballaşan dünyada ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır.
Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləridir. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edir.
Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaq. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək.
Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.
Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.
Cənab Prezident müşavirədə qeyd etdiyi kimi, hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır, biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.
Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik. Vətən Müharibəsi və post müharibə dövrü bütün dünya şahidlik etdi ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Şükürlər olsun ki, o güc bizdə var.
Azərbaycan xalqı əmin ola bilər ki, bizim dövlətimiz, təhlükəsizliyimiz etibarlı əllərdədir.
Ülker Piriyeva/ Azerbaycan