Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Quruculuq dövrü başlayıb..”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi güclü ordumuzun 44 günlük Vətən Müharibəsində tarixi qələbəsindən az sonra, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Fəxrlə qeyd edirik ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. 1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Yaşayış yerləri, iaişə obyektləri ilə yanaşı qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. Prezident İlham Əliyev erməni vandallığı ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir
ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”. Xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdam yenə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaq. Prezident İlham Əliyevin 2021-ci il mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi rayona yeni nəfəs gətirdi. Artıq təsdiq edilmiş Baş Plana əsasən Ağdamda quruculuq dövrü başlayıb. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Şəhərin yaşıllaşdırılması xüsusi diqqətdə saxlanılacaq. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla təmin olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində
– su kanalının keçəcəyi yerdə artıq meşə parkı salınıb. Mühüm infrastruktur layihələri icra edilir Bunlardan biri Bərdə-Ağdam avtomobil yolunun inşasıdır. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri də intensiv şəkildə həyata keçirilir. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə inşa ediləcək Bərdə-Ağdam dəmir yolunun ümumi uzunluğu 45 kilometrdir. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb. Skada sisteminə qoşulub. Paralel olaraq fiberoptik kabellərin çəkilişi təmin edilib ki, bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçiriləcək. Plana əsasən Pənahəli xanın imarəti, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq, layihələr icra olunacaq. Belə layihələrdən biri Ağdam Sənaye Parkıdır. Sənaye parkında sosial sahə, İqtisadi
Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya, Qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır. Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Cari ilin 15 oktyabrında Prezident İlham Əliyev Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olarkən bir daha əmin olduq ki, çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.”
Ülker PİRİYEVA/AZERBAYCAN