İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib

[embed]https://www.
Reklam Alanı
İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
15 Haziran 2022 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

 

 

 

 

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Salam, ilk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız.

Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir – həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir.

Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, – komanda deyəndə mən bunu nəzərdə tuturam, – siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.

Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür – əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.

Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.

Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil – uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.

Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz.

x x x

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident, icazə verin, federasiyamız, bütün futbolçularımız və məşqçi heyəti adından Sizə dərin təşəkkürümü bildirim. Bu gün bizim üçün çox şərəfli bir gündür. Çünki Siz də doğru qeyd etdiniz, futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza gətiriblər. Biz doğrudan da çox şadıq və Sizi əmin etmək istəyirik ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun.

Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, minifutbol qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb. Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci ildə artıq həm Dünya Minifutbol Federasiyasına, həm də Avropa Minifutbol Federasiyasına üzv seçildik. 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim üçün çox böyük təcrübə oldu. Bildiyiniz kimi, pandemiya dövründə qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu çempionata hazırlaşırdıq. Bu çempionat başlayanda biz artıq tam hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci oyunumuzu Avropa çempionlarına – Rumıniyaya qarşı uduzduq. Amma sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq.

Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktdır ki, Siz xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırdıq və düşünürdük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə çox minnətdarıq. Doğrudan da bizim üçün çox fəxredici bir gündür. Sizə çox təşəkkür edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol.

x x x

Minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev dedi: Cənab Prezident, Sizə öz adımdan, komandanın adından dərin təşəkkür edirik ki, Siz bu dəyərli vaxtınızı bizə ayırmısınız. Biz də əlimizdən gələni əsirgəmədik ki, bizə baxan xalqımız sevinsin. Çox sağ olun, çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ ol.

x x x

Komandanın kapitanı, qapıçı Ramil Həsənzadə dedi:

– Cənab Prezident, bu sıx iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. İdmançılara göstərdiyiniz diqqəti biz minifutbolçular da hiss edirik. Bu Avropa çempionatı ərzində kimə desəydilər ki, Azərbaycan çempion olacaq, heç kim inanmazdı. Amma biz döyüşdəki “Dəmir yumruğu” futbol meydançasında da göstərdik. İnşallah, gələcəkdə də iştirak edəcəyimiz bütün yarışlarda Vətənimizi layiqincə təmsil edəcəyik. Çox sağ olun.

Cənab Prezident, bizim Sizə hədiyyələrimiz var, icazə versəydiniz, təqdim edərdik.

Prezident İlham Əliyev: Buyurun.

x x x

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Böyük ölçüdə video

 

 

 

 

Böyük ölçüdə şəkillər

Kaynak:https://president.az/az/articles/view/56435

Reklam Alanı
Son Güncelleme: 15 Haziran 2022