Azərbaycanlı cərrah Berlində DRK Klinikasının şöbə müdiri təyin olunub
18 noyabr, 2026
Azərbaycanlı cərrah Berlində DRK Klinikasının şöbə müdiri təyin olunub
Almaniyada fəaliyyət göstərən tanınmış azərbaycanlı cərrah Pərvin Məhərrəmov Berlində yerləşən DRK Klinikasının Cərrahiyyə şöbəsinin rəhbəri təyin olunub.
Qubadlı rayonunda anadan olan Pərvin Məhərrəmov 2007-ci ildən Almaniyada yaşayır və peşəkar fəaliyyətini bu ölkədə davam etdirir. O, həkimlik karyerasına Berlinin “Charite” klinikasında başlayıb. Daha sonra DRK Westend Klinikasında çalışıb, Aleksianer və Bayroyt Universitet klinikalarında şöbə müdiri və aparıcı cərrah kimi fəaliyyət göstərib.
Soydaşımız Almaniyanın tanınmış cərrahları – professorlar Tomas Ştaynmüller, Ernst Kraas, Peter Neuhaus və Volker Langenin yetirməsidir. Son aylarda DRK Berlin-Mitte Klinikasının Cərrahiyyə şöbəsinin rəhbəri, eyni zamanda klinikanın filial rəhbəri vəzifələrini icra edir.
20 ildən artıq peşəkar təcrübəyə və 3 mindən çox cərrahi əməliyyat təcrübəsinə malik olan Pərvin Məhərrəmov onkoloji cərrahiyyə, mədə-bağırsaq sistemi, qida borusu, qaraciyər və mədəaltı vəzi cərrahiyyəsi, piylənmə və metabolik cərrahiyyə, endokrin və ümumi cərrahiyyə üzrə ixtisaslaşıb. O, xüsusilə minimal invaziv, laparoskopik və robotik cərrahiyyə sahələrində geniş təcrübəyə malikdir. Minimal invaziv bariatrik və onkoloji cərrahiyyə üzrə Almaniyada sertifikatlı mütəxəssis olan cərrah bu istiqamətlərdə yüksək ixtisaslı tibbi xidmət göstərir.
Soydaşımızın Almaniyanın nüfuzlu tibb müəssisələrindən birində rəhbər vəzifəyə təyin olunması xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin peşəkar nailiyyətlərinin, beynəlxalq səviyyədə qazandıqları nüfuz və etimadın daha bir nümunəsidir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
mənbə: https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-cerrah-berlinde-drk-klinikasinin-sobe-mudiri-teyin-olunub-7558
https://x.com/DiasporaAz/status/2122972009932238959
Renk Gazetesi
